Cümə axşamı 25.04.2024

Klublar Komitəsi Premyer Liqada legioner limiti məsələsini müzakirə edib

Klublar Komitəsi Premyer Liqada legioner limiti məsələsini müzakirə edib

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.

Toplantıda növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələlər müzakirə olunub.

Hazırda Azərbaycan Premyer Liqasında legioner limiti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 2000-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı) formatındadır. Bundan əlavə, Azərbaycan Premyer Liqası və I Divizionda 3 əvəzetməyə icazə verilir.