Cümə 29.03.2024

"Qəbələ" baş məşqçiyə və azarkeşlərə görə cərimələnib

"Qəbələ" baş məşqçiyə və azarkeşlərə görə cərimələnib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Premyer Liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ” - “Sumqayıt” oyununda yerli azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün bölgə klubu 4000 manat cərimə olunub. Meydana kənar şəxs daxil olduğu üçün "Qəbələ" 1600 manat cərimə olunub. Komandanın baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb. Klub isə buna görə 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə edilib.

“Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

İclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin bir oyunu ilə də bağlı qərar qəbul olunub. “Qəbələ” – “Qarabağ” oyununda Ağdam klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.