Çərşənbə axşamı 04.10.2022

AFFA-nın 30 illik yubileyi münasibətilə turnir keçirilib

AFFA-nın 30 illik yubileyi münasibətilə turnir keçirilib

AFFA-nın 30 illik yubileyi münasibətilə bu gün Bakı Olimpiya Stadionunda futbol festivalı təşkil olunub.

Festival çərçivəsində AFFA, klublar, veteranlar, hakimlər, sponsorlar, azarkeşlər, media və könüllülərdən ibarət 8 komandanın iştirakı ilə futbol turniri keçirilib.

Üçüncü yer uğrunda oyunda "Media" və "Sponsorlar" komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən "Media" komandası turniri 3-cü pillədə başa vurub. Final qarşılaşmasında isə AFFA və "Veteranlar" komandası üz-üzə gəlib. AFFA rəhbərliyinin, futbol ictimaiyyətinin nümayəndələrinin, İcraiyyə Komitəsinin üzvlərinin də izlədiyi həlledici qarşılaşma 4:3 hesabı ilə "Veteranlar" komandasının xeyrinə başa çatıb.

Final oyunundan sonra qalib komandaların mükafatlandırma mərasimi təşkil olunub. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, baş katib Sərxan Hacıyev və AFFA-nın sabiq baş katibləri Çingiz İsmayılovla Fuad Əsədov iştirak edib.

Əvvəlcə turniri 3-cü pillədə başa vuran "Media" komandası mükafatlandırılıb. "Media" komandasının kapitanına medalı futbol veteranı, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov təqdim edib. Turniri ikinci sırada tamamlayan AFFA komandasının kapitanına isə medalı AFFA-nın digər sabiq baş katibi Fuad Əsədov verib. 30 illik yubiley münasibətilə təşkil olunan futbol turnirinin qalibi olan "Veteranlar" komandasının kapitanı Yunis Hüseynova kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.