FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb. Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ağayev Super Liqanın çempionluq qrupunun 6-cı turu çərçivəsində mayın 1-də keçirilən “Panatinaikos” – "Aris" oyununun baş hakimi olub. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edib.
"Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Ağayev 45-ci dəqiqədə "Aris"in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan uzaqlaşdırıb. Qonaqların daha bir futbolçusuna sarı vərəqə göstərən Ağayev, meydan sahiblərinin heyətində də 4 oyunçuya rəsmi xəbərdarlıq edib.
Qələbə sayəsində xallarının sayını 54-ə çatdıran Afina təmsilçisi 3-cü pilləyə yüksəlib. 53 xala malik "Aris" isə 4-cü sıraya enib.