Cümə 19.04.2024

"Araz-Naxçıvan" 16-cı dəfə Azərbaycan çempionu oldu

"Araz-Naxçıvan" 16-cı dəfə Azərbaycan çempionu oldu

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Final oyununda “Araz-Naxçıvan” və EKOL komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil edilən qarşılaşma Naxçıvan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Araz Naxçıvan" tarixində 16-cı dəfə ölkə çempionu adını qazanıb.

Bürünc medal uğrunda görüşdə isə “Neftçi” İK “Baku Fire” kollektivini 6:2 hesabı ilə üstələyib.

Final matçından sonra komandaların mükafatlandırılması mərasimi keçirilib. Mükafatları komandalara AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov təqdim ediblər.

Əvvəlcə final matçının hakimlərinə – Knyaz Əmiraslanov, Ziya Nəsirov, Rza Məmmədov, eləcə də hakim-inspektor Füzuli Nəcəfov – diplomlar təqdim olunub.

Ardınca müxtəlif nominasiyalar üzrə fərqlənənlərə fəxri kürsüyə dəvət olunub. Ən yaxşı qapıçı Emin Kürdov (EKOL), ən yaxşı oyunçu Rizvan Fərzəliyev (Araz-Naxçıvan), ən yaxşı məşqçi isə Elşad Quliyev (Neftçi İK) seçilib. Mövsüm ərzində 46 qol vuran Maneka bombardir olub. Gənc qapıçıların yetişdirilməsi və milli komandalara qazandırılması istiqamətindəki fəaliyyətinə görə məşqçi Ağakərim Həsənova təşəkkürnamə verilib.

Daha sonra “Neftçi” İK-ə bürünc, EKOL-a gümüş, “Araz-Naxçıvana” qızıl medallar təqdim olunub. Sonda “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyevə çempionluq kuboku verilib.