Cümə axşamı 03.07.2025

Paris finalı...

Paris finalı...

Tarix insanı, cəmiyyəti və bəşəriyyəti heç nəyə öyrədə bilmir. Tarixi həmişə sevən bir insan kimi bu gün dünyada baş verən hadisələri bariz nümunə kimi qeyd edə bilərəm. Bəlkə bu səbəbdən həyatını idman və futbolla bağlayan bir şəxs mayın 28-də Parisdə, “Stad De Frans”da keçiriləcək Çempionlar Liqasının finalı ərəfəsində çox qarışıq hisslər keçirir. Səbəb isə finalın şərhçisi olmağım deyil. Etiraf edim ki, yerindən şərh edəcəyim ilk Çempionlar Liqası finalını bu qədər həyəcanla gözləmirdim.

Budəfəki "Real Madrid" - "Liverpul" qarşıdurması tək dünya futbolunun yox, dünya tarixinin əsas duelinə bənzəyir. Və bu duelin keçirildiyi məkan da rəmzi xarakter daşıyır.

Sevgililər şəhəri Parisin Sen-Deni kommunasında yerləşən, dünya arenaları arasında 20-ci əsrin gözəli statusuna malik “Stad De Frans” haqqında danışsaq, çoxumuzun yadına Zinəddin Zidanın 1998-ci ildə dünya çempionatının finalında Braziliyaya başla vurduğu iki qol və ya Stiv Makmanamanın “Real”ın heyətində Çempionlar Liqasının həlledici görüşündə argentinalı Ektor Kuperin möhtəşəm “Valensiya”sına qarşı oyunda qeyri-adi zərbə ilə fərqlənməsi gələcək. Daha gənc nəsil Arsen Vengerin başçılıq etdiyi və Tyeri Anrinin lideri olduğu “Arsenal”la Frank Raykardın “Barselona”sı arasında keçirilən oyunu yada salacaq. Həmin görüşdə Juliano Belletti və Henrik Larssonun parlaq oyunu sayəsində Arsen Venger öz vətənində məğlubiyyətlə üzləşdi. Fransaya yaxın olan “Arsenal” üçün paytaxt Parisdə aldığı yenilgi çox ağır oldu.

Həmin finalda olduğu kimi bu dəfə də həlledici görüşdə İngiltərə və İspaniya komandaları üz-üzə gələcək. Amma həmin oyundan fərqli olaraq, “Real Madrid” –“Liverpul” matçı dünya tarixini əks etdirən qarşıdurma olacaq. Ona görə yox ki, bu kollektivlər öz ölkələrinin Avropanın ən nüfuzlu klub turnirində ən çox qalib gəlmiş komandalardır. Ona görə ki, bu, tək dünya futbolunda baş verən mübarizənin deyil, əsrlər boyu dünya tarixində gedən mücadilənin təcəssümü olacaq.

Fikirlərimi daha dəqiq izah etmək üçün haşiyədən çıxmalı olacağam.

“Stad De Frans” - Sen Deni kommunası. Bu kommuna Parisin şimalından 9 km məsafədə yerləşir. Sen Denidə yerləşən bir kilsə Fransa və onun tarixi üçün xüsusi önəm daşıyır. Çünkü burada demək olar ki, bütün Fransa krallarının dəfn olunduğu nekropol var.

Paris həmişə mübarizə mərkəzi olub. Valua, Burbonlar, Bonapart kral ailələri ilə Fransa inqilabçıları Milli Konvent, jironlar və yakobinlərin qarşıdurmaları təkcə Fransa və Avropa yox, bütün dünya tarixinə öz təsirini göstərmiş bir mübarizə nümunəsidir. Bu təsir dünyada bir nömrəli idman sayılan və çoxumız tərəfindən sevilən futboldan da yan keçməyib.

Bu gün Parisdə biz yenidən sözügedən qarşıdurmanın şahidi olacağıq. Bir tərəfdə loqosunda İspaniya kral ailəsinin tacını daşıyan “Kral klubu” - zadəgan “Real Madrid”, digər tərəfdə heç vaxt tək qalmayacaq İngiltərənin əsas dəniz limanlarından sayılan, kasıb, amma mərd, qürurlu, fəhlə və inqilabçı ruhu ilə nəfəs alan və elə dünya inqilablarının əsas rəngində çıxış edən “Liverpul”.

Bu komandaların təmsil etdiyi şəhər və ölkələrin dünya musiqisinə təsiri də inqilabi sayıla bilər. İspaniya və Madriddən klassik operanın mahir ifaçıları Plasido Dominqo, Xose Kareras və Monserat Kabalye, İngiltərə və Liverpuldan isə dünya rok musiqisi və ümumən dünya musiqisində inqilab edən Liverpul dördlüyü “Bitlz”, “Kuin” və “Rollinq Stons”. Hətta burda da biz bəşəriyyət üçün iki fərqli, amma böyük irs görə bilərik.

Etiraf edək ki, dünya tarixinə bu qədər yaxın futbol finalı hələ olmayıb. Futbol bir dünyadır və bu dəfə bu həyatın bizim yaşadığımız tarixə və dünyaya nə qədər yaxın olacağını tam şəkildə hiss edə biləcəyik.

Məşqçilər arasında daha bir ilkə imza atmaqla futbol tacına sahiblənmək arzusunda olan Papa Karlo və onun şahzadəsi, əsas cəngavəri, ərəb əsilli Kərim Benzema. Onlar PSJ və “Mançester Siti”dən olan ərəb şeyxlərinin güclü komandalarını ağır döyüşlərdə yenməyi bacardılar. Lakin indi onları ekspansiv, dəlisov lider, əsl inqilabçı, əsl rokker Yürgen Kloppun əzmkar dəstəsi gözləyir. Bu dueldən kim qalib çıxacaq?

Bu suala cavab tapmaq üçün çox az vaxt qalıb. Lakin Paris finalı onu göstərir ki, bu dünyada həm krallar, həm də inqilabçılar final oynamağa layiqdirlər.

Azərbaycanın bir nömrəli idman telekanalı “CBC Sport” isə Avropanın ali futbol qurumu UEFA-nın kral imtiyazlarına sahib olaraq, Azərbaycan idmanı teleməkanında ardıcıl ikinci dəfə inqilab edərək möhtəşəm Çempionlar Liqasının final oyununu yerindən şərhlə izləyicilərinə təqdim edəcək. Dəyəri qızıldan da böyük, özünü əsl futbol azarkeşi sayan şəxslərə hörmətlə: sizin Şəmsəddin.

Bu gün saat 23:00-da “CBC Sport”da görüşənədək!!!