Bazar 06.07.2025

"Finalissima": Argentina millisi İtaliyanı 3 cavabsız qolla məğlub etdi

"Finalissima": Argentina millisi İtaliyanı 3 cavabsız qolla məğlub etdi

Bu gün bütün dünyanın diqqəti Londondakı “Uembli” stadionuna yönəlib. Futbol tarixində 3-cü dəfə Avropa və Cənubi Amerika çempionları üz-üzə gəlib. Oyun “Finalissima” adını daşıyır.

UEFA və CONMEBOL bir müddət öncə 30 iyun 2028-ci ilədək nəzərdə tutulan yenilənmiş və genişlənmiş memorandum imzalayıblar. Tərəflər tədbir zamanı İtaliya və Argentina yığmaları arasında matçın təşkilini də razılaşdırmışdılar.

Avropa və Cənubi Amerika çempionları tarixdə üçüncü dəfə üz-üzə gəliblər. 1985-ci ildə Fransa Uruqvaya 2:0 hesabı ilə qalib gəlibsə, 1993-cü ildə Argentina Danimarkanı penaltilər seriyasında məğlub edib. Hər iki qarşılaşma UEFA-nın sabiq prezidentinin şərəfinə Artemio Franki kuboku adlandırılıb.

Budəfəki qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın ilk qolunu 28-ci dəqiqədə Lautaro Martines vurub. 45+1-ci dəqiqədə Anxel Di Mariya fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə isə Paulo Dibala görüşdə son nöqtəni qoyub.

Beləliklə, Argentina "Finalissima"nın kubokunu başı üzərinə qaldırıb.