news-details
Xəbərlər

Canni De Byazi: "Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq"

UEFA Millətlər Liqası çərçivəsində sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın üzvü Şahrudin Məhəmmədəliyev media nümayəndələrinin qarşısına çıxıblar.

Canni De Byazi: “Komanda olaraq Millətlər Liqasına nəticə baxımından yaxşı başlamamışıq. Amma üç oyunda da yaxşı oynamışdıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə baxımından üstün olsa da, onlara qarşı da yaxşı oynadıq. Ən azından heç-heçə edə bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Sabah Belarus üzərində qələbə qazanmalıyıq. Ondan sonra Qazaxıstanla oyunumuz olacaq. Son oyunda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xalı toplayaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Var gücümüzü qoyacağıq ki, qalib gələk. Təbii ki, psixoloji vəziyyət yaxşı deyil. Çünki ilk iki oyunda qol vura bilmədik, qalib gələ bilmədik. Son oyunda daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdır. Meydanda sona qədər vuruşmalıdır, komanda yoldaşlarına dəstək olmalıdır. Özümüz özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşub. Maksim Medvedev bizim üçün çox vacib oyunçudur. Sabahkı oyunda onun təcrübəsindən yararlanmaq istəyirəm. Amma oynayıb, oynamayacağı sabah bilinəcək”.

Şahrudin Məhəmmədəliyev: “Çox istəyirik ki, sabah qalib gələk. Bizim üçün vacib oyundur. Meydana yalnız qələbə üçün çıxacağıq. Belarusla bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Biz də başa düşürük ki, nəticə vermək lazımdır. Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələ ki, alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdır. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik".

Digər xəbərlər