Cümə 26.04.2024

V İslam Həmrəyliyi Oyunları: Azərbaycan günü 10 medalla başa vurdu

V İslam Həmrəyliyi Oyunları: Azərbaycan günü 10 medalla başa vurdu

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib. Azərbaycan komandası günü 6 medalla başa vurub.

Bu gün təmsilçilərimizdən son olaraq sərbəst güləşçi Abubakr Abakarov final görüşünə çıxıb. 86 kq çəki dərəcəsində rəqib iranlı Alirza Kərimi olub. Görüş Kəriminin qələbəsi ilə yekunlaşıb. Abakarov 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, gümüş medalla kifayətlənməli olub.

Beləliklə, Azərbaycan güləşçiləri günü 6 medalla başa vurub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçilər Hacı Əliyev (65 kq) ilə Turan Bayramov (74 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.

Taekvondo yarışlarında 3 idmançımız medal qazanıb. Qadınların mübarizəsində Fəridə Əzizova (67 kq) qızıl, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıb. Kişilərin yarışında Cavad Ağayev (68 kq) həlledici qarşılaşmada uduzaraq, gümüş medalla kifayətlənib.

Azərbaycanın idman gimnastı İvan Tixonov da medal qazananların sırasına qoşulub. 26 yaşlı idmançı çoxnövçülükdə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Azərbaycan yığması isə komanda hesabında 4-cü yeri tutub.