Cümə 29.03.2024

Şahmat millimiz dünya çempionatına qələbə ilə başladı

Şahmat millimiz dünya çempionatına qələbə ilə başladı

Kişi şahmatçılardan ibarət Azərbaycan yığması İsraildə təşkil olunan komandalararası dünya çempionatına uğurlu start verib.

Dünya çempionatının ilk günündə qruplarda iki tur oynanılıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan komandası ilk turda Özbəkistan şahmatçılarını 2 xal yarım 1 xal yarım hesabı ilə məğlub edib. Bu oyunda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov partiyanı qələbə ilə başa vurub. Teymur Rəcəbov heç-heçə oynadığı halda Aydın Süleymanlı məğlub olub.

Günün ikinci görüşündə təmsilçilərimizin rəqibi Amerika Birləşmiş Ştatları komandası olub. Millimiz bu dəfə 3:1 hesablı qələbə qazanıb. Yığmanın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov görüşü qələbə ilə başa vurub. Qədir Hüseynovla Vüqar Əsədli heç-heçəyə razılaşıb.

Bu gün Azərbaycan millisi daha iki görüş keçirəcək. Yığmamız günün ilk görüşündə Hindistan, ardınca isə Polşa ilə qarşılaşacaq.

Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.