Şənbə 20.04.2024

DÇ-2022: Almaniya və Belçika qrupda qaldı, Yaponiya və İspaniya 1/8 finalda

DÇ-2022: Almaniya və Belçika qrupda qaldı, Yaponiya və İspaniya 1/8 finalda

Qətərdə təşkil olunan dünya çempionatında daha 2 qrupda mübarizəyə yekun vurulub. Bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olub.

E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşıb. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edirdi. Yaponiya 2:1, Almaniya 4:2 hesabı ilə qələbə qazanıb. Bu nəticələrdən sonra Yaponiya qrup birincisi, İspaniya isə ikinci yerlə pley-offa yüksəlib. Almaniya yığması isə Kosta Rika ilə birgə qrupda qalıb.

F qrupunda isə Kanada Mərakeşlə, Xorvatiya Belçika ilə üz-üzə gəlib. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması dəqiqləşmişdi. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparıb. Mərakeş yığması Kanadaya qalib gəlməklə qrup lideri kimi mərhələ adlayıb. Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə sayəsində qrup ikincisi olub.

1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.

DÇ-2022, qrup mərhələsi

III tur

E qrupu

Kosta Rika - Almaniya - 2:4
Qollar: Yeltsin Texeda, 58. Xuan Pablo Varqas, 70 - Serj Qnabri, 10. Kay Haverts, 73; 85. Niklas Fullkruq, 90+1.
Baş hakim: Stefanie Frappar (Fransa).
“Əl-Bayt” stadionu.

Yaponiya – İspaniya - 2:1
Qollar: Ritsu Doan, 48. Ao Tanaka, 51 - Alvaro Morata, 11
Baş hakim: Viktor Qomes (CAR).
“Xəlifə” stadionu.

F qrupu

Kanada – Mərakeş - 1:2
Qollar: Nayef Aqerd, 40 (avtoqol) – Hakim Ziyeş, 4. Yussuf En-Nesiri, 23
Baş hakim: Rafael Klaus (Braziliya)
“Əl-Tumama” stadiionu.

Xorvatiya – Belçika - 0:0
Entoni Teylor (İngiltərə).
“Əhməd bin Əli” stadionu.