Cümə 19.04.2024

“Transfer pəncərəsi”nin son günü hansı keçidlərlə yadda qaldı?

“Transfer pəncərəsi”nin son günü hansı keçidlərlə yadda qaldı?

Qış “transfer pəncərəsi”nin bağlanmasına bir neçə saat qalmış Avropanın aparıcı klubları maraqlı futbolçu keçidləri ilə seçiliblər. Ən diqqətçəkən transfer anlaşması “Çelsi” ilə “Benfika” arasında baş tutub. Qış fasiləsinin ən fəal klubu “Çelsi” nəhayət, argentinalı ulduz Entso Fernandesi sıralarına qatmağa nail olub. Transfer 121 milyon avro təşkil edib ki, bu da İngiltərə Premyer Liqasının tarixində ən bahalı razılaşmadır. Müqavilə müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Bundan əvvəl rekord “Aston Villa”dan ingilis yarımmüdafiəçi Cek Qrilişi 113 milyon avroya trasnfer edən “Mançester Siti”yə məxsus idi. Dünya çempionu Portuqaliya Premyer Liqasında bu mövsüm 17 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

İtaliyalı yarımmüdafiəçi Jorjinyo “Çelsi”ni Londonun digər təmsilçisi “Arsenal”a dəyişib. 31 yaşlı futbolçunun keçidi üçün “topçular”ın “Çelsi”yə 12 milyon funt sterlinq ödədiyi bildirilir. Jorjinyonun yeni klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədər qüvvədədir və bu müqaviləyə daha bir mövsüm uzatma variantı da daxildir.

“Bayern Münhen” “Mançester Siti”nin müdafiəçisi Joau Kanselunu heyətinə qatıb. Portuqaliya millisinin cinah müdafiəçisi Bundesliqa klubuna mövsümün sonuna qədər icarəyə verilib. 29 yaşlı oyunçunun birdəfəlik transfer edilməsi bəndi də müqaviləyə əlavə olunub. Almaniya təmsilçisi bunu 70 milyon avro müqabilində reallaşdıra bilər.

Mançesterin digər təmsilçisi “qırmızı şeytanlar” isə “Bayern Münhen”in avstriyalı yarımmmüdafiəçisi Marsel Zabitseri icarəyə götürüb. Tərəflər arasında imzalanmış müqavilənin detalları açıqlanmayıb. Anlaşmaya əsasən, “Mançester Yunayted” icarə sözləşməsinin müddəti başa çatdıqdan sonra 29 yaşlı futbolçunu birdəfəlik transfer edə bilər.

“Tottenhem” “Sportinq”in müdafiəçi Pedro Porronu mövsümün sonuna kimi icarəyə götürüb. Ancaq müqaviləyə məcburi satın alma bəndi daxildir. “Tottenhem” icarə müddətinin sonunda bu keçid üçün 45 milyon avrosundan keçməlidir. Əvəzində onlar Mett Doertini “Atletiko Madrid”ə icarəyə göndəriblər. Lissabon klubu isə “Barselona”nın futbolçusu Ektor Belyerini icarə əsasında heyətinə qatıb.

Fransanın PSJ klubunun qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirəcək. Kosta-Rika millisinin 37 yaşlı qolkiperi mövsüm sonuna kimi icarə əsasında “Nottinqem Forest”ə keçib. “Lester”in ispaniyalı futbolçusu Ayose Peres də icarə əsasında mövsümün sonuna kimi “Real Betis”in şərəfini qoruyacaq.

“Borussiya Dortmund”un 29 yaşlı hücumameyilli yarımmüdafiəçi Torqan Azar "PSV Eyndhoven"ə icarə əsasında keçib. Belçikalı futbolçu bu mövsüm Dortmund klubunun heyətində cəmi 14 oyuna çıxıb.