Cümə 20.06.2025

"Neftçi"dən 1500-cü, "Qarabağ"dan 1400-cü qol

"Neftçi"dən 1500-cü, "Qarabağ"dan 1400-cü qol

“Neftçi” Azərbaycan çempionatlarında 1500-cü qolu vurub. Bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib. “Bakcell Arena”da “Turan Tovuz”u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan “Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb.

Yubiley qoluna Emin Mahmudov imza atıb. Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.

“Neftçi”nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də “Kəpəz”lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci dekabrın 4-də “Simurq”la qarşılaşmada Araz Abdullayev imza atıb.

“Qarabağ” isə Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub. 1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı “Qəbələ” ilə səfər oyununa qədər 1398 dəfə fərqlənmişdi. Qəbələ şəhər stadionunda qonaqların vurduğu ikinci top 1400-cü kimi tarixə düşüb. 3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın yubiley qolunun müəllifi Musa Qurbanlı olub.

Ağdam klubu Azərbaycan çempionatlarında 1400 və ya daha çox qol vuran ikinci komanda olub. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan “Qarabağ” 878-ci matçında yubileyə nail olub. Qol sayını 1401-ə çatdıran komandanın orta məhsuldarlığı 1,60-a bərabərdir.

“Qarabağ”ın ölkə çempionatlarındakı ilk qolunu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə ev görüşündə fərqlənən futbolçu həm də yarışın tarixində ümumilikdə ilk qolun müəllifidir.

Peşəkar Futbol Liqası