Bazar 03.12.2023

17-ci medal və Premyer Liqada məhsuldar cütlük

17-ci medal və Premyer Liqada məhsuldar cütlük

Misli Premyer Liqasında mükafatçılardan biri dəqiqləşib. XXVI turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 68-ə çatdıraraq ilk “üçlük”də yerini təmin edib. Bununla da Qurban Qurbanovun yetirmələri həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.

Bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdamlıların aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.

“Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021 mövsümlərində gümüş qazanıb. 2003/2004, 2009/2010, 2010/2011 mövsümlərində də “üçlük”də yer alan “Qarabağ” bürünclə kifayətlənib. Medal sayında “Qarabağ” yalnız “Neftçi”dən geridədir. Bakılıların 20 mükafatı var.

Bu arada “Qarabağ”ın hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayevin Misli Premyer Liqasında vurduğu qolların sayı 35-ə çatıb. “Səbail”lə matçda 3:0 hesablı qələbəyə bir topla töhfə verən Musa 18-ci dəfə fərqlənib. Ramilin aktivində 17 qol var.

Bu, 2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordudur. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012/13 mövsümündə birlikdə 34 qola sevinmişdi. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.

Peşəkar Futbol Liqası