Cümə 26.04.2024

Ralf Ranqnik: "Azərbaycan yığmasının üstünlüklərini və zəif tərəflərini nəzərə almışıq"

Ralf Ranqnik: "Azərbaycan yığmasının üstünlüklərini və zəif tərəflərini nəzərə almışıq"

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Ümumi məşqlərimiz yaxşı keçdi, hazırlıq zamanı komanda ritmi xeyli yaxşılaşdırıb. Mövqelərdə və ötürmələrdə zəif tərəflər müəyyən olunaraq aradan qaldırılıb. Sabahkı oyunun vacibliyini nəzərə almışıq.

Əlbəttə ki, rəqib komanda haqqında hər bir məlumatı əldə etmişik. Hansı oyunçunun zədəli olması və ya hansı oyunçuların meydana çıxıb-çıxmayacağı haqqında bilgilərimiz var. Biz əminik ki, qarşı tərəf də bizim bütün dəyişikliklərimizdən xəbərdardır və lazımlı məlumatları toplayaraq bu oyuna hazırlaşıb. Azərbaycan yığmasının üstünlüklərini və zəif tərəflərini nəzərə almışıq. Sabah meydanda hansı tərəfin daha yaxşı olduğu görünəcək".

Ranqnik kapitan David Alabanın Azərbaycanla qarşılaşmada iştirak etməyəcəyini sözlərinə əlavə edib. O, həmin görüşdə kapitanlıq sarğısını yarımmüdafiəçi Marsel Sabitzerin taxacağını vurğulayıb.