Şənbə 27.04.2024

İsveç millisinin baş məşqçisi: "Azərbaycanla oyunda bizə çox çətin olacaq"

İsveç millisinin baş məşqçisi: "Azərbaycanla oyunda bizə çox çətin olacaq"

İsveç millisinin baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Bu gün Avropa futbolunda zəif komanda yoxdur. Heç kimi zəif saymaq olmaz. Avstriya - Azərbaycan görüşündə hesab oyuna görə olmadı. İlk 20-25 dəqiqə ərzində Azərbaycan komandası çox maraqlı oyun göstərirdi. Sadəcə, müdafiədə buraxılan səhvlərdən sonra hiss olundu ki, futbolçular ruhdan düşdü və komanda uduzdu.

Futbolçularınızı izləyirəm, tanıyıram. Ramil Şeydayev kimi oyunçularınız var. Mən belə futbolçuları bəyənirəm. Əsasən, azərbaycanlı futbolçuların yüksək texnikaya malik olmasını qeyd etmək istəyirəm. Bizə çox çətin olacaq. Amma çox yaxşı başa düşürük ki, ardıcıl ikinci oyunda xal itirməməliyik. Bu səbəbdən matça çox ciddi hazırlaşırıq. Qələbə uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, sabah "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.