Cümə 29.03.2024

Canni De Byazi: "Sabah ən yaxşı oyunumuzu göstərməliyik"

Canni De Byazi: "Sabah ən yaxşı oyunumuzu göstərməliyik"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveç millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"İsveç millisini yaxşı analiz etmişik. Hansı sistemlə oynadıqlarını bilirik. Heyətində İbrahimoviç, Kuluşevski kimi məşhur oyunçular var. İsveçin ilk oyunda Belçikaya məğlub olması komanda üzərində təzyiq yaradıb. Reytinqdə 23-cü yerdə gedən komandaya qarşı oynayacağıq.

Təbii ki, ən əsası özümüzdən çox şey asılıdır. Avstriya ilə oyundan dərs çıxartmalıyıq. Sabah ən yaxşı oyunumuzu göstərməliyik. Həyatda nəyəsə nail olmaq istəyirsənsə, istək çox önəmlidir.

Qarşıda hələ 24 saat var. Heyətdə hansı dəyişikliklər edəcəyimizi indidən deyə bilmərəm. Son anda qərar verəcəyəm. Bəzi oyunçularda kiçik problemlər var. Ona görə sabahı gözləməliyik.

Qapıçıya gəldikdə isə onu deyə bilərəm ki, Yusifin 21 yaşı var. Avstriya ilə oyunda ondan gözlədiyimi meydanda verdi. Pis alınmadı. Səhvlər ola bilər, ancaq hamımız ona dəstək olmalıyıq. Bu cür təcrübələr gənc oyunçular üçün çox vacibdir".

Mətbuat konfransına qatılan yığma komandanın üzvü Bəhlul Mustafazadə də fikirlərini bildirib:

“Düşünürəm ki, iqlim dəyişikliyi bizim üçün heç bir problem yaratmamalıdır. Biz futbolçular tez-tez bu cür halla qarşılaşırıq. İlk oyundakı oyunumuza gəlincə, buraxdığımız qollarda bütün müdafiə xəttinin səhvi vardı. Əslində oyuna yaxşı başlamışdıq. Elə səhvlər oldu ki, şəxsən mən sığortalaya bilərdim, amma bacarmadım. Sabahkı oyunda eyni səhvləri təkrarlamamalıyıq. Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq. İnkişaf etdiyimizi düşünürəm. Çünki daha rahat oynamağa və qələbələr qazanmağa başlamışıq".

Qeyd edək ki, sabah "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.