Cümə axşamı 26.06.2025

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa Çempionatında 50 kq-da mübarizə aparan qadın güləşçimiz Mariya Stadnik qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik karyerasında 9-cu dəfə Avropa çempionu olub. 55 kq-da Elnurə Məmmədova polşalı Katarina Kravçikə və 59 kq-da Alyona Kolesnik isə Almaniyadan olan Sandra Paruşevskiyə 3-cü yer uğrunda görüşlərdə uduzaraq, medalsız qalıblar.

Paralel olaraq, daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub. 57 kq-da yarımfinala kimi uğurla irəliləyən Jalə Əliyeva finalın bir addımlığında polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib. O, bu gün həlledici görüşdə ukraynalı Alina Akobyanı sınağa çəkəcək.

53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə "tuş"la məğlub olan idmançı bu gün bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşəcək. 65 kq-da mübarizə aparan Elis Manolova 3-cü yer uğrunda təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Buna onun 1/4 finalda uduzduğu rumıniyalı İrina Rinqacinin finala çıxması səbəb olub. Manolovanı bu gün fransalı Kendra Daçerlə duel gözləyir.

Digər qadın güləşçilərimizə gəlincə, 62 kq çəkidə mübarizə aparan Birgül Soltanova təsnifatda, 72 kq-dakı Nigar Mirzəzadə isə 1/4 finalda məğlub olaraq yarışı medalsız başa vurublar.

Qeyd edək ki, daha əvvəl sərbəst güləş millimiz 6 medalla komanda hesabında Avropa çempionu olub. Bu gün yuna-Roma güləşçilərimiz də mübarizəyə qoşulacaq. Avropa çempionatı aprelin 23-də başa çatacaq.