Cümə 19.04.2024

Qarabağ atlarının möhtəşəm çıxışları britaniyalılara unudulmaz anlar yaşadıb

Qarabağ atlarının möhtəşəm çıxışları britaniyalılara unudulmaz anlar yaşadıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” 2023-cü ilin 14 may tarixində başa çatıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib, nümayəndə heyətimizin hər il nümayiş etdirdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilib.

Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi sayəsində son illər ərzində mili at cinslərimizin dünyada Azərbaycan brendi kimi tanıdılması istiqamətində əhəmiyyətli işlər görülür. Bu tədbirlər sırasında “Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsünkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi yer tutur.

“Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə DSX-nin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarıblar. Təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənib, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazanıb.

Cari ildə 80 yaşını qeyd edən bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi şou-kompozisiya hazırlanıb. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanıb, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.

Milli musiqi alətlərimiz tütək, zurna, balabanda və digər milli musiqi alətlərində ifa olunan milli mahnıların bənzərsiz sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, DSX-nin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını sözün əsl mənasında ovsunlayıb. Nəzərdə tutulmuş tarixlərdə hər gün 15 dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycanın və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları diqqəti xüsusi cəlb edib.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru əməkdar jurnalist Rövşən Cahangirov, xoreoqrafı DSX-nin rəqs ansamblının bədii rəhbəri, əməkdar artist Fərid İbrahimov və süvarilər dəstəsinin quruluşçu təlimatçısı İmran Əhmədlidir.

May ayının 14-də mötəbər qonaqların iştirakı ilə “Azərbaycan Günü” keçirilib. Həmin tədbirlər ərəfəsində verilmiş ziyafətdə Azərbaycandan məhz bu tədbir üçün xüsusi olaraq hazırlanmış məhsullarla, “Mangal Steak House Zaqulba” sarayının rəhbəri Namik Məmmədovun və Baş aşpaz Oktay Cəfərovun hazırladığı milli mətbəximizin nümunələri qonaqlara təqdim olunub. Nahar ziyafətinə digər mötəbər qonaqlarla yanaşı Edinburq Hersoqu Şahzadə Edvard və xanımı Edinburq Hersoginyası və digər kral ailəsi üzvləri qatılıb.

Heydər Əliyev fondu tərəfindən təşkil olunmuş Azərbaycan pavillionunda Qarabağ atının təsvirləri, tarixi çövkən yarışlarının foto şəkilləri və bunlara dair qonaqlara verilən məlumatlar böyük maraqla qarşılanıb. Pavillionda həmçinin dekorativ-tətbiqi sənət rəssamı Aygün Nağıyevanın əsərlərindən ibarət 22 əl işi nümayiş etdirilib və “Qarabağ möcüzəsi” əsəri şahzadə Edvarda hədiyyə edilib.

Ziyafətin sonunda şahzadə Edvardla Azərbaycan Atçılıq Federasiyasının nümayəndə heyəti görüşüb və şahzadəyə xüsusi hədiyyələr təqdim olunub.