Cümə 29.03.2024

Azərbaycan çempionatında 8 ildən sonra ilk

Azərbaycan çempionatında 8 ildən sonra ilk

Azərbaycan I Divizionun XXIX turu ilklə əlamətdar olub. Mövsümdə ilk dəfə oyunun baş hakimi qadın referi olub. Bu, “Qarabağ-2” – “Turan Tovuz-2” görüşündə baş verib. Binə qəsəbə stadionundakı matçı Fəridə Lütfəliyeva idarə edib. Bu qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəlib.

Cəmi 1 sarı vərəqə ilə kifayətlənən xanım baş hakimin köməkçiləri digər zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olub.

Azərbaycan çempionatının I Divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014/15 mövsümündə yaşanıb.

8 il 1 gün öncə - 2015-ci il mayın 15-də “Ağsu” – “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. Dördüncü hakim funksiyasını isə 8 il 1 gündən, yəni 2923 gündən sonra meydana yeni “amplua”da - baş hakim kimi çıxan Fəridə Lütfəliyeva yerinə yetirib.

Peşəkar Futbol Liqası