Cümə axşamı 25.04.2024

Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə iki medal qazandılar

Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə iki medal qazandılar

Avstriyanın Lins şəhərində cüdo üzrə Qran-pri turnirinə start verilib. Azərbaycan milli komandası yarışda 12 cüdoçu ilə təmsil olunur. İlk yarış günü 5 çəki dərəcəsində 7 idmançımız tatamiyə çıxıb.

66 kq çəki dərəcəsində çıxış edən Kamran Süleymanov 1/16 final mərhələsində Mərkəzi Afrika Respublikasından olan Cason Zakko Patriki məğlub edib. Həmyerlimiz bundan sonra ardıcıl olaraq 1/8-də italiyalı Elioz Mantsi, 1/4 finalda yerli idmançı Florian Doppelhammeri, yarımfinalda isə almaniyalı cüdoçu Slamberqer Lennartı mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə ispaniyalı David Qarsiya Torneyə uduzan Kamran Süleymanov gümüş medalla kifayətlənib. Bu, onun mövsümdə ilk medalı olub.

52 kq-da mübarizə aparan qadın cüdoçumuz Gültac Məmmədəliyeva da mükafatçılar sırasına düşüb. 1/8 finalda Kosovo təmsilçisi Erza Muminoviqə qalib gələn idmançımız 1/4 finalda yaponiyalı Kisumi Omoriyə məğlub olub. Bundan sonra bürünc uğrunda mübarizəyə qoşulan Məmmədəliyeva braziliyalı Yasmim Lima və ispan Ariane Toro Solerə qalib gələrək 3-cü olub.

Mübarizəyə qoşulan digər cüdoçulardan 60 kq-da Nazir Talıbovla Əhməd Yusifov, 48 kq-da Leyla Əliyeva ilə Şəfəq Həmidova və 57 kq-da Finan Əlizadə turniri mükafatsız başa vurub.

Qeyd edək ki, mayın 27-ə qədər davam edəcək turnirdə dünyanın 72 ölkəsindən 455 idmançı qüvvəsini sınayır.

Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə iki medal qazandılar
Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə iki medal qazandılar