Cümə axşamı 28.03.2024

“Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi

“Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi

17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb. Mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.

Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.