Çərşənbə axşamı 16.04.2024

Sənan Avropa çempionu oldu, Eldənizlə İslam bürünc medal qazandı

Sənan Avropa çempionu oldu, Eldənizlə İslam bürünc medal qazandı

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçirilir. İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisiylə qarşılaşan Eldəniz ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib. İkinci yarış günündə İtaliya güləşçisini sınağa çəkən Əzizli elə ilk hissədə tam üstünlüklə qələbə qazanaraq karyerasında 3-cü dəfə qitə birinciliyinin bürünc medalını boynundan asıb.

Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb və macar həmkarına da məğlub olub.

Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisiylə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb. Fevralın 11-də macar güləşçiylə həlledici görüşə çıxan gənc pəhləvanımız ikinci hissədə qazandığı xallarla ilk dəfə qatıldığı Avropa çempionatının qalibi olub.

İslam Abbasov ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının gümüş medalçısı olmuş macar həmkarına yenildiyindən ikinci yarış günündə bürünc medal üçün güləşib. Litva təmsilçisinə qalib gələn Abbasov Avropa üçüncüsü olub.

Sabah Şəriəti startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub. Rəqib finala yüksəldiyi üçün Sabah təsəlliverici görüşdə qüvvəsini sınamaq şansı qazansa da, zədələndiyi üçün xalçaya çıxmadan mübarizəni dayandırıb.

55 kq

1/4 final: Eldəniz Əzizli - Rudik Mkrtaçyan (ARM) 7:1

1/2 final: Eldəniz Əzizli - Edmond Armen Nazaryan (BUL) 5:7

Bürünc medal görüşü: Eldəniz Əzizli - Covanni Freni (İTA) 9:0

63 kq

1/8 final: Taleh Məmmədov - İbrahim Labazanov (RUS) 0:8

Təsəlliverici görüş: Taleh Məmmədov - Erik Torba (HUN) 3:9

77 kq

Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (BUL) 5:3

1/8 final: Sənan Süleymanov - Matteo Maffezzoli (İTA) 7:0

1/4 final: Sənan Süleymanov - Georgios Prevolarakis (GRE) 6:4 (tuşe)

1/2 final: Sənan Süleymanov - Karapet Çalyan (ARM) 3:0

FİNAL: Sənan Süleymanov - Zotlan Levay (HUN) 3:1

87 kq

Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (BLR) 3:2

1/8 final: İslam Abbasov - Arkadiuş Kuliniç (POL) 3:1

1/4 final: İslam Abbasov - Tarek Mohammed Abdelsalam (BUL) 4:3 (tuşe)

1/2 final: İslam Abbasov - Viktor Lorints (HUN) 1:6

Bürünc medal görüşü: İslam Abbasov - Eyvidas Stankeviçyus (LTU) 6:2

130 kq

1/8 final: Sabah Şəriəti - David Ovasapyan (ARM) 3:0

1/4 final: Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (ROU) 2:3

Təsəlliverici görüş: Sabah Şəriəti - Zurabi Gedexauri (RUS) -:+