Şahmat üzrə Millətlər Kuboku turnirində qrup mərhələsinin oyunları başa çatıb.
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması son 2 turda Rusiya və Avropa komandaları ilə üz-üzə gəlib. Hər iki görüş heç-heçə ilə yekunlaşıb. Birinci lövhədə oynayan Rəcəbov ilk görüşündə rusiyalı Vladislav Artemyovu yenib. Bu, qrossmeysterimizin Millətlər Kubokunda ilk qələbəsi olub. O, son qarşılaşmasında isə fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib.
Dünya yığması yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə başa vurub. FIDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq etdiyi kollektiv 10 görüşdən 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.
Turun digər görüşlərində Rusiya millisi Hindistan komandasına, ABŞ yığması isə Çin şahmatçılarına 2,5:1,5 hesabla qalib gəliblər.
Yekun nəticələrə görə, Çin və ABŞ komandaları finala vəsiqə qazanıblar.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.