Çərşənbə 01.05.2024

"Lill" - "Aston Villa" və "Fənərbağça" - "Olimpiakos" matçları "CBC Sport"da

"Lill" - "Aston Villa" və "Fənərbağça" - "Olimpiakos" matçları "CBC Sport"da

Bu gün UEFA Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.

"Lill" doğma azarkeşləri önündə "Aston Villa" ilə üz-üzə gələcək. Tərəflərin ilk görüşü İngiltərə təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Saat 20:45-də oynanılacaq matçda ədaləti slovakiyalı İvan Krujliak qoruyacaq. Matç "CBC Sport"la canlı yayımlanacaq.

Doğma meydanda minimalhesablı qələbə qazanan "Brügge" çətin PAOK səfərinə yollanacaq. Bu, komandalar arasında 5-ci duel olacaq. Keçirilən 4 matçda tərəflər hərəyə 1 qələbə qazanıblarsa, 2 qarşılaşmada sülh qeydə alınıb. Saat 23:00-da start götürəcək oyunun idarəçiliyi italiyalı Davide Massaya tapşırılıb.

Saat 23:00-da başlaması planlaşdırılan iki görüş var. Bunlardan biri də İstanbulda keçiriləcək. Qardaş ölkə təmsilçisi "Fənərbağça" Yunanıstanın "Olimpiakos" kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Komandaların ilk dueli Ellada təmsilçisinin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb. "CBC Sport"la canlı yayımlanacaq görüşü almaniyalı referi Tobias Ştieler idarə edəcək.

Paralel keçiriləcək matçda isə turnirin favorit komandalarından "Fiorentina" "Viktoriya Plzen"i qəbul edəcək. Çexiyada keçirilən oyunda qapılar toxunulmaz qaldığından, cütün taleyinə "Artemio Franki" stadionunda aydınlıq gələcək. Saat 23:00-da start götürəcək qarşılaşmada söz sahibi ispaniyalı Xesus Jil Manzano olacaq.