Cümə 03.05.2024

Autsayder çempionla üz-üzə, "Neftçi" "Zirə" səfərində

Autsayder çempionla üz-üzə, "Neftçi" "Zirə" səfərində

Bu gün Misli Premyer Liqasının XXXI turunda daha 2 matç oynanılacaq.

Əvvəlcə meydana "Qarabağ" ilə "Qəbələ" komandaları çıxacaqlar. Bölgə təmsilçisi bu oyunda məğlub olarsa, böyük ölçüdə elitanı tərk edəcək. Əgər "Kəpəz" "Sabah" ilə matçda ən azı 1 xal qazanarsa, artıq "Qəbələ"nin Premyer Liqanı tərk edəcəyi dəqiqləşəcək. Bu mövsüm tərəflər arasında keçirilən 3 görüşün hamısı AAğdam klubunun qələbəsi ilə yekunlaşıb. Saat 16:30-da start götürəcək və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada ədaləti Fərid Hacıyev qoruyacaq.

Turun mərkəzi matçı Zirə İdman Kompleksinin stadionunda oynanılacaq. Burada eyniadlı komanda ilə "Neftçi" üz-üzə gələcəklər. "Ağ-qaralar" gümüş medallar uğrunda mübarizə aparırsa, "qartallar" avrokuboklara yollanmaq üçün iddialıdır. Komandaların bu mövsümkü 3 qarşılaşmasından ikisi "Neftçi"nin qələbəsi ilə nəticələnib. 1 matçda isə qalib müəyyənləşməyib. Rəşad Sadıqovu komandası qələbə qazanağı təqdirdə, "Sumqayıt"ı ikinci pillədən aşağı salacaq. Saat 19:00-da başlayacaq görüşün idarəçiliyi İnqilab Məmmədova tapşırılıb.

Qeyd edək ki, hər iki matç "CBC Sport"la canlı yayımlanacaq.