Şənbə 11.05.2024

Bu gün XXXII tur çərçivəsində daha 3 matç keçiriləcək

Bu gün XXXII tur çərçivəsində daha 3 matç keçiriləcək

Bu gün Misli Premyer Liqasının 32-ci turunda daha 3 oyun keçiriləcək.

Günün ilk matçı Qəbələ şəhər stadionunda oynanılacaq. Burada eyniadlı komanda ilə "Kəpəz" münasibətlərə aydınlıq gətirəcək. "Qırmızı-qaralar" məğlub olacaqları təqdirdə, elitanı tərk edəcəklər. Komandalar arasında bu mövsüm keçirilən 3 görüşün ikisi Gəncə təmsilçisinin, 1-i isə "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb. Saat 15:30-da start götürəcək görüşdə ədaləti İnqilab Məmmədov qoruyacaq.

"Neftçi" doğma meydanda "Turan Tovuz"la üz-üzə gələcək. Ötən tur "Zirə"yə 1-3 uduzan "ağ-qaralar" bu matşdan 3 xalla ayrılaraq ikincilik niyyətindədir. Tovuz klubu da avrokubok şansını davam etdirir. Tərəflərin bu mövsümkü duellərinə diqqət yetirsək, 2 görüş "Neftçi"nin qələbəsi ilə nəticələnib. 1 oyunda isə 1-1 hesablı bərabərlik qeydə alınıb. Saat 17:45-də başlayacaq qarşılaşmanın idarəçiliyi Rəvan Həmzəzadəyə tapşırılıb.

Günün son matçı "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"nda təşkil olunacaq. Burada "Sumqayıt" çempion "Qarabağ"la qarşılaşacaq. Tərəflər cari mövsümdə 3 dəfə üz-üzə gəliblər ki, bunların hamısı "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Barselona"da təcrübədə olduğundan görüşü buraxmalı olacaq. Rauf Cabarovun start fitini səsləndirəcəyi görüşün başlama vaxtı saat 20:00-a təyin edilib.

Qeyd edək ki, bütün matçlar "CBC Sport"la canlı yayımlanacaq.