Cümə 19.04.2024

FIFA milli üzvləri üçün müvəqqəti qaydalar tətbiq edir

FIFA milli üzvləri üçün müvəqqəti qaydalar tətbiq edir

FIFA koronavirus pandemiyası dövründə oyunçuların milli komandalara gediş-gəlişini tənzimləyən müvəqqəti qaydaların tətbiqinə qərar verib.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, yeni qaydalar yığmaların sentyabr pəncərəsi üçün nəzərdə tutulub. Buna əsasən, komandanın məskunlaşdığı və ya yığmanın oyununun keçirildiyi yerlərdə ən azı beş günlük məcburi karantin müddəti müəyyən edilsə və ya giriş-çıxışa məhdudiyyət qoyulsa, klub öz oyunçusunu milliyə buraxmaya bilər.

Bu hal, həmçinin bölgəyə məcburi karantin tətbiq edilməsi və ya giriş məhdudiyyəti qoyulması ilə əlaqədar qərarlar qəbul edən müvafiq orqanların bu məsələdə futbolçuları nəzərə almaması zamanı da baş verə bilər.

Bu qaydalar kişi futbolçular üçün avqustun 31-dən sentyabrın 8-dək, qadınlar üçün isə 14-22 sentyabr tarixlərində tətbiq olunacaq.

Qeyd edək ki, Azərbaycan millisi pandemiya dövründə ilk rəsmi matçını sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburqa qarşı keçirəcək. Yığma 3 gün sonra isə səfərdə Kipr seçməsinin qonağı olacaq.