Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxıb. Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gəlib. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edib.
C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub.
Kipr - Azərbaycan matçının taleyini isə bir qol həll edib. Maksim Medvedev 29-cu dəqiqədə vurduğu qolla millimizə qələbə qazandırıb.
Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro səfərdə Lüksemburqu minimal hesabla üstələyib.
UEFA Millətlər Liqası
C liqası, I qrup
8 sentyabr
Kipr - Azərbaycan - 0:1
Qol: Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka
Nikosiya. GSP stadionu