Şənbə 27.04.2024

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. Ağdam təmsilçisi III təsnifat mərhələsində “Molde” ilə qarşılaşıb.

Norveç çempionu ilə qarşılaşma Kiprdə keçirilib. Tək oyundan ibarət mərhələnin dueli azarkeşsiz təşkil edilib. Qarşılaşmanı Srcan Yovanoviçin rəhbərlik etdiyi Serbiyadan olan hakimlər briqadası idarə edib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu səbəbdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxt zamanı Norveç təmsilçisi penalti vurmaq hüququ qazansa da, Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev komandasını qoldan xilas etməyi bacarıb. Beləcə, əlavə yarım saatda da qapılara qol vurulmayıb. Yekunda qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Molde” növbəti mərhələyə yüksəlib.

Norveç klubu ÇL-in pley-off mərhələsində “Ferentsvaroş”la (Macarıstan) üz-üzə gələcək. "Qarabağ" isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi

16 sentyabr

"Qarabağ" – "Molde" - 0:0 (penaltilər 5:6)
Matçın 102-ci dəqiqəsində “Molde”nin futbolçusu E.Hussayn penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Kipr, Larnaka. “AEK Arena”.