Cümə 19.04.2024

De Byazi: "Hücumda çatışmayan əsas məqam çoxala bilməməyimizdir"

De Byazi: "Hücumda çatışmayan əsas məqam çoxala bilməməyimizdir"

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində “İvan Lalyak-İliç” stadionunda keçirilən Azərbaycan – Monteneqro oyunundan sonra təşkil olunan mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini bildirib:

Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm. Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır. İkinci hissədə imkalarımız oldu, ancaq istifadə edə bilmədik. Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Oyunun gedişində dəyişiklik etsək də, istədiyimizi ortaya qoya bilmədik. Hücumda çatışmayan əsas məqam çoxala bilməməyimizdir. Cinahlar hücuma daha fəal qoşulmalı idi. Misal üçün, Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odur ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindir. Abbas bizim üçün çox vacib oyunçudur. Sloveniya ilə oyunda ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq”.

Faruk Hadcibegiç (Monteneqro milli komandasının baş məşqçisi): “İstədiyimiz nəticəni əldə etdik. Çünkü qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yarayırdı. Hər iki komanda yaxşı oyun göstərdi və bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu”.