Cümə 29.03.2024

De Byazi: "Sabah ən yaxşı heyətimiz meydanda olacaq"

De Byazi: "Sabah ən yaxşı heyətimiz meydanda olacaq"

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah “Josy Barthel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunöncəsi təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və komandanın üzvü Mahir Emrelinin səsləndirdiyi fikirlər:

Canni De Byazi: “Qrupun son oyunudur. 8 ildir birlikdə oynayan komandaya qarşı mübarizə aparacağıq. Biz isə indiyədək cəmi 30 məşq keçirmişik. Komanda yavaş-yavaş inkişaf edir. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik. Hücumda son anda dəqiqlik çatışmır. Sabah çətin oyun olacaq. Onu deyə bilərəm ki, debüt oyunumuzdan fərqli olacaq.

Düşünürəm, Sloveniya ilə oyunda heyətdə eksperiment apardıq. Sabah isə ən yaxşı heyətimiz meydanda olacaq. Təəssüf ki, müxtəlif səbəblərdən Abbas Hüseynov, Təmkin Xəlilzadə və Rahil Məmmədov komandaya kömək edə bilməyəcək. Bizim üçün vacib oyundur və çalışacağıq ki, son oyunda qalib gələk.

Yaxşı oyunçularımız var. Futbolçuların qidalanmasından tutmuş istirahətlərinədək hər kiçik detala diqqət yetirirəm. İlk gündən dediyim kimi, mentaliteti dəyişməliyik. Onalara izah etmişəm ki, potensialları var. Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam. Futbolçular öz potensiallarına güvənməlidirlər”.

Mahir Emreli: “Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudur. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik.

İlk oyunda qırmızı vərəqə alaraq komandamı azlıqda qoymuşdum. Hər bir futbolçunun başına gələ biləcək hadisədir. Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalıydıq. Azlıqda qalmağımıza baxmayaraq qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam.

Az qol vurmağımıza gəlincə, hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur alınmır”.